Bu gecə Xeybər qalasının Əlinin (ə) qəhrəmanlığı ilə fəth olunduğu gecədir.

19:03 - 2019/03/30

-Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir.

Xeybər kəlməsi qala, möhkəm hasar deməkdir. Bura Mədinədən 120 kilometr şimalda yaşayan Yəhudilərin yaşadığı yer idi. Buranın sakinləri bir neçə möhkəm qalada yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları var idi. Bu qalaların hər birinin öz adı var idi. Bu yeddi qaladan ən məşhuru «Naim» və «Qəmus» idi.
Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı təqribən 4-20 min idi. Yəhudilər müsəlmanlardan bir neçə dəfə artıq idilər. Çünki həmin dövrdə müsəlmanların sayı min altı yüz nəfər idi.
Hicrətin yeddinci ilində həzrət Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər. İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Yəhudilər müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar. Həzrət Peyğəmbər 25 gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri çəkildilər».

İbn Əbil-Hədid Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:

Hər nəyi unutsam, unutmaram mən,
Qaçmaq günah ikən qaçdız səhnədən.

Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma heç biri yəhudi döyüşçüləri ilə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər (s) buyurdu: «Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, o Allah və Rəsulunu sevir, Allah və Rəsuluda onu sevir. O bir kəsdir ki, həmişə meydanda hücum etmiş və Allah onun əli ilə qalibliyi müsəlmanlara qazandırmışdı. Qalib gəlməyincə döyüş meydanından qaçmamışdır». 

Həzrət Peyğəmbərin (s)  bu sözləri hamını təəccübləndirdi. Görəsən sabah kim qələbə çalacaq deyə fikirləşirdilər?

Bir nöqtəni də qeyd etmək lazımdır ki, həmin vaxt həzrət Əlinin (ə) gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı düşünülmürdü. 

Nəhayət, və’d olunmuş gün gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: «Əli haradadır?» Ərz etdilər ki, Əlinin (ə) gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya gətirin». Müsəlmanlar Əlinin (ə) xeyməsinə gedib, Peyğəmbərin əmrini ona çatdırdılar.
Həzrət Əli (ə) dərhal yerindən qalxdı və həzrətin xidmətinə tələsdi. Həzrət Peyğəmbər (s) Əlidən (ə) halını soruşdu. Əli (ə) bildirdi ki, başım və gözlərim ağrıyır. Həzrət Peyğəmbər onu qucaqladı və ağzının mübarək suyundan Əlinin (ə) gözlərinə çəkdi. Həzrət Əli (ə) özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və gözağrısı görmədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli, bizim sərkərdələrin əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Həzrət Əli (ə) yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu. Peyğəmbər (s) buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi təsdiq edənədək vuruş».
Həzrət Əli (ə) Xeybər qalasının divarlarına yaxınlaşdı. Bayrağı yerə sancdı. Öz adamlarını divarların fəthi üçün hazırladı. Bu vaxt Xeybərin şücaətli döyüşçülərindən bir qrupu çıxıb həzrət Əli (ə) və onun dəstəsinin üzərinə hücum etdilər. Şiddətli döyüş başladı. Həzrət bir neçə hücumla yəhudiləri qaçmağa məcbur etdi. Düşmən döyüşçüləri özlərini qalaya çatdırıb qapıları bağladılar. Şücaəti ilə tanınan qala rəisi Haris Əlinin (ə) qalaya daxil olmasının qarşısını almaq istədi. Amma həzrət bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın ən adlı-sanlı döyüşçüsü Mərhəb Xeybəri qardaşının qanını almaq üçün meydana atıldı.
Mərhəb qəribə bir pəhləvan idi. O iki zireh geyinər və bir neçə əmmamənin üzərindən polad dəbilqə qoyardı. Dəbilqədə dəyirman daşına oxşar daşı yerləşdirdiyindən qılınc zərbələri onun başına tə’sir etməzdi.
Bu şəxs ilə Əli(ə) arasındakı döyüşdə İslam qəhrəmanının onun başına endirdiyi zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar. Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə(ə) hücum etdi. Amma həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə qalanın qapılarını bağlamağa məcbur oldular.
Həzrət Əli (ə) öz fövqəl’adə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı. Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi. 

Nəhayət Allah və Peyğəmbərin (s) duası ilə Əli (ə) bu döyüşdə müsəlmanları qalib etdi.

Mənbə: Sireye pişvayan, səh-132.

www.btid.org/az
 http://t.me//dini_melumatlar

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.