Ramazan ayının 4-cü gününün duasının şərhi

19:14 - 2020/04/28

-İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!

Bismillahir-Rəhmanir-Rəhim.
Allahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzini fihi li ədai şukrikə bikəramik, vəhfəzni fihi bihifzikə və sətrikə ya əbsərən-nazirin.
Tərcüməsi:
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!(1)
Əvvəlcə istəyirik ki, İlahi sənə ibadət və itaət etmək üçün bizə qüdrət və qüvvət nəsib et!
Kumeyl duasında Allahdan belə istəyirik:
"Ya Rəbb, mənim əzalarıma sənin xidmətində olmaq üçün qüdrət ver. Qəlbimə qüvvət ver himmət və səy göstərməmə görə. Təqva yolunda ciddi səy göstərməyi və eləcə də xidmətinə yeişməkdə davamlı olmağı mənə əta et!"(2)
Düzdür ki, Allah mütəal Qurani Kərimdə buyurur ki, "La yukəllifullahu nəfsən illa vusəha" (3). Yəni ki, Allah heç bir şəxsi bacarmadığı bir işlə yükləməz və qüdrəti çatmadığı vəzifəyə mükəlləf etməz. Lakin mömin şəxsin həmişə istəyi budur ki, Allahın itaətində olsun və lazım olan qüdrət və qüvvət ondan səlb olunmasın. Düzdür ki, əgər qüdrəti çatmasa Allah ondan heç bir şey istəmir. Fəlsəfi terminlə desək bu tələb "Təklifi ma la yutaq"dır. Yəni qüdrəti olmayan bir işi bəndədən tələb etmək Allah dərgahında mümkünsüz bir işdir. Lakin bununla yanaşı mömin həmişə itaət halında olmaq istəyir. Buna görə duanın bu hissəsində istəyirik ki, İlahi bizə o qüdrət və qüvvəti nəsib et ki, sənin itaətində dura bilək.
İbadətlərin bir çoxu çətindir. Bəziləri maddi və fiziki qüdrət istəyir və bəziləri isə yalnız mənəvi hazırıq tələb edir. Orucun özü də qüdrət istiyir, fiziki hazırlıq tələb edir. Oruc özü çətindir. İnsanların fiziologiyası fərqli olduğuna görə oruc bəzliləri üçün daha çətin ola bilər. Aclıq və susuzluq onun üçün daha çətin gələ bilər. Müəyyən fəsillərdə oruc daha çətin olur və ya bəzi məntəqələrdə oruc zaman baxımdan daha uzun ola bilər. Bütün bunlara görə Allah təaladan diləyirik ki, bizə ibadətləri lazımi və səhih şəkildə yerinə yetirmək üçün qüvvət ver. Ancaq bəzi ibadətlər yalnız mənəvi qüdrət tələb edir. Məsələn günahdan çəkinmək kimi. Həzrət Əli əleyhissəlam bir hədisində səbri üç qismə bölür. Belə buyurur:

"الصّبر امّا صَبْر على المُصيبة او على الطّاعة او عن المعصية"(4)
Buyurur ki, səbr üç cürdür: Müsibətlərə səbr etmək. Yəni insana müsibət üz verəndə səbr etmək. Bu da bir mərhələ səbrdir ki, insan bəla zamanı səbr edə bilsin. İkincisi itaətlərə səbr eməkdir. Yəni onun çətinliklərinə sinə gərsin. Bu, yuxarıda qeyd elədiyimiz qüdrət məsələsinə işarədir. Sonda buyurur ki, məsiyət və günah qarşısında səbr etmək. Əli(ə) buyurub ki, bu sonuncu onların ikisindən daha çətindir. Yəni günahın qarşısında səbr etmək, dözmək və ona tərəf meyl etməmək çox çətindir. Bunun özü bir mənəvi qüdrət istəyir. Allah mütəaldan istəyirik ki, ona itaət göstərə bilməmiz və onun göstərişlərinə əməl etməyimiz üçün bizə bütün bu maddi, fiziki və mənəvi qüdrətləri əta eləsin.
Duanın ikinci hissəsində ərz edirik ki, İlahi bizə zikrinin şirinliyini dadızdır. Şirin deyəndə zehnimizə gələn ilk məfhim maddi bir məfhum olur. Ümumiyyətlə şirin sözünün həqiqi mənası elə maddi mənadadır. Adətən uşaqlar şirini daha çox sevərlər. Lakin insan böyüdükcə başqa şirin şeylərlə tanış olur. İnsan elə ki, aşiq olmağa başlayır. Hətta bu bir məcazi eşq olsa da dərk etməyə başlayır ki, bu eşqdə yeni bir şirinlik məfhumu vardır ki, onu digər maddi şirinliklərlə müqayisə etmək və tərənnüm eləmək mümkün deyildir. Elə ki, o, bir az da rüşd edir və kamala doğru gedir və ilahi eşqi təcrübə etməyə başlayır, artıq bütün digər eşqlərinin məcazi olduğunu dərk edir. Dərk edir ki, həqiqi eşq bu imiş və bunu şirinliyi heç bir maddi və mənəvi şirinliklə müqayisə olunası deyildir.
Əli (ə) bir hədisi-şərifdə ibadət edənləri üç növə ayırır.(5) Buyurur ki, bəzi bəndələrin ibadəti qorxusuna görədir. Belə şəxslərin ibadəti kölələrin ibadəti kimidir. İkinci qurup insanlar əcr və savaba görə, cənnət nemətlərinə görə ibadət edərlər. Belə ibadət tacirlərin ibadətidir. Bəziləri isə Allahı yalnız özünə və ona şükr etmək üçün ibadət edər. Bunlar azadə insanların ibadətidir. Onlar aşiqdirlər və tələb olunan ibadət də elə məhz budur. Dedik ki, yalnız aşiq şəxslər məşuqun zikrinin şirinliyini duya bilərlər. Xalis bəndələr, xüsusən də Əhli Beyt(əleyhimussəlam) bu məsələdə kamal həddinə yetişiblər. Sonrakı mərhələdə isə Allah övliyalarıdır. Onlar da Allahın zikrinin şirinliyini dadırlar. Çünki onlar sözün əsil mənasında aşiqdirlər.
Bil, hər aşiqə istədiyi yar gözəldir
Hər bülbülə öz sevdiyi gülzar gözəldir. 
Əlbəttə ki, hər kəs ilahi eşqə müdtəla olsa məşuqla xəlvət etməyin və onunla birgə olmağın şirinliyini daha çox dadacaqdır. 
أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
"Allahın zikri ilə qəlblər aramlıq tapar." (6) Bu, hansı qəlblərdir? Təbii ki, bu aşiq qəlblərdir. Məhz onlar Allahın zikri ilə aramlıq tapar və zikrin həlavətini, şirinliyini dadarlar.
Üçünci hissədə deyirik ki, ilahi, bizə şükr eməyi nəsib et. Şükr etmək bir fitri hissdir. Bu fitri istedadın vasitəsilə Allahı tanımağa doğru hərəkət edirik. Allahı tanıma bəhsində də buna "şukri munim" deyirik. Yəni nemət verən şəxsə şükür etmək hissi. Bu hiss səbəb olur ki, nemət verənin  axtarışına çıxaq. Lakin bunun br fitri hiss olmasına baxmayaraq bəzən insan bundan qəflətdə olur. Belələklə insan şükür etmək nemətindən qafil olur. Ona görə duanın bu yerində istəyirik ki, ilahi bizə şükür etməyi ilham et və bizi qafil olmağa qoyma.
Şükrün hansı faydaları vardır? Xaliqin bu şükrdən payı varmı? Təbii ki, Allah təalanın bunda heç bir faydası yoxdur. Şükürün faydası insanın özü üçündür. Allah Qurani kərimdə belə buyurur:
  لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
"Əgər şükr etsəniz sizin əcr və nemətinizi çoxaldacaqdır." Təbii ki, bu şükr qayıdır insanın özünə. Yəni sizin şükrünüz özünüz üçündür. "Əgər küfr etsəniz Allahın əzabı şiddətlidir."(7)  Yəni nemətə küfür etsəniz və naşükürlük etsəniz sizə əzab nazil olacaqdır. Dünyada əzabın bir nümunəsi də nemətin əldən getməsidir. Beləliklə şükr edib etməməyin aqibəti insanın özünə qayıdır. 
Şükrün mərhələləri vardır. Birinci mərhələ dildə şükr etməkdir. Adətən insanlar bu şükrü yerinə yetirirlər. Düzdü bəzliləri hətta bu mərhədən də qafil olurlar. Bu artıq qəflətin son mərhələsidir. Adətən çoxlarımız dildə "əlhəmdu lillah" və "şükür Allaha" deyirik. Lakin bəziləri bu mərhədə qalır, sonrakı mərhələyə, yəni əməli şükür mərhələsinə yetişmir. Şükür yalnız dildə zikr etməklə bitmir. Əməl mərhələsində də özünü biruzə verməlidir. Məsələn əgər birinə var dövlət nəsib olubsa onun şükrü üçün zəkatını və ya xümsunu verməlidir. Əgər kasıbın haqqı onun malında varsa o, artıq şükr edən sayılmır. Hətta dildə belə şükr etsə də. Əgər bir kəsə elm verilibsə onun şükrü onu digərlərinə öyrətməkdir. Əgər birinə gözəl sima və camal əta olunubsa onun da şükrü iffətli olmaqdır. Qısası hər bir nemətin özünə məxsus bir şükrü vardır. Duanın bu yerində bunu istəyirik ki, ilahi bizə şükr etməyin yollarını və qaydalarını ilham et. Şükrün ən üstün mərhələsi isə qəlbin şükrüdür. Bu rizayət və qənaət məqamıdır. Yəni insan bütün əlində olanlara qane olur. Bunun üçün insan baxış bucağını düzəltməlidir. Maddi və mənəvi məsələlərin hər birində baxış bucaqları biri birindən fərqlənir. Maddi məsələlərdə baxış bucağımız "nüzuli"(yuxarıdan aşağıya) olmalıdır. Yəni maddi məsələlərdə özümüzü bizdən maddi vəziyyəti aşağı mərtəbədə olan şəxslərlə müqayisə etməliyik. Yəni məsələn evi köhnə olan şəxs özünü evsiz biriylə müqayisə etməli, övladı olmayan bir şəxs özünü sağlamlığı olmayan biriylə müqayisə etməlidir. Belə olan halda insan qane məqamına yetişəcək ki, bu da qəlbin şükrüdür.
Duanın davamında deyirik ki, ilahi bizi hifz et, bizi qoru. Allah təalanın hifazəti bir neçə mənada təsəvvür oluna bilər. Birinci məna budur ki, ilahi bizim canımızı qoru və bizi xətərlərdən hifz et. Təbii ki, mömin hər bir zaman özünü Allahın pənahında hiss etməli və ona sığınmalıdır. Bu bir məna. İkinci məna budur ki, ilahi bizi günahdan qoru. Çünki insan nəfsinin istəklərinə tabe olmaq təhlükəsindədir. İnsan qəflətə düçar ola bilər. Nəfsinin vəsvəsələrinə və şeytanın hiylələrinə uya bilər. Ona görə Allah mütəaldan istəyirik ki, bizi belə xətərlərdən hifz eləsin. Lakin üçüncü məna duanın sonunda gələn "ey görənlərin ən gözəl görəni" ifadəsinə əsasən daha münasib görsənir və o da budur ki, İlahi bizim abır və heysiyyətimizi qoru. Bizim eyblərimizi gizlət. Bu çox mühüm məsələdir. Maddi aləmdə Allah təalanın iradə və hikməti budur ki, insanların abır və heysiyyəti qorunsun və eybləri örtülsün. Düzdür, qiyamət günündə bunlar aşkar olacaq. Qiyamətin adlarından biri də "yəvmə tubləs-sərair"(8), yəni sirlərin aşkar olacağı gündür. Qiyamət günü sirlər faş olacaqdır. Lakin nə qədər ki, maddi aləmdəyik ilahi məşiyyət budur ki, bu sirr hifz olunsun. Ona görə bizlər də bu istiqamətdə çalışmalıyıq. Digərlərinin eyblərini gizlətməli və onların sirrini qorumalıyıq. Necə ki, özümüz öz eyblərimizin qorunmasını Allahdan diləyirik, başqalarına qarşı da məsuliyyətli olmalıyıq. Çünki, insan üçün onun heysiyyətindən dəyərli bir şey yoxdur. Əgər heysiyyəti aradan gedərsə, eybləri aşkar olarsa sanki, varlığını əldən vermişdir. Beləliklə digərlərinin varlığı bizim üçün əhəmiyyətli olmalıdır. Qiybət etmək digərlərinin eyblərini başqaları ilə bölüşməkdir. Ona görə də bu, ilahi iradənin ziddinədir. Nəticədə özümüz haqqında dilədiyimiz bu duanın gerçəkləşməsini istəyiriksə digərlərin eyblərini qorumaqda da çox ciddi olmalıyıq.
Mənbə:
(1). Məfatihul-cinan
(2). Kumeyl duası (Məfatihil-cinan)
(3). Bəqərə surəsi/286
(4). Mizanul-hikmət, c5, səh.26
(5). Vəsailuş-şiə, c1, səh.45
(6). Rəd surəsi/28
(7). İbrahim surəsi/7
(8). Tariq surəsi/9
  

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.