Fatimə(s)- Allah rəsuluna(s) əta olunan "kövsər"

07:55 - 2019/02/04

Təfsir alimlərinin rəyinə əsasən Peyğəmbərə(sallallahu əleyhi və alih) əta olunan "kövsər" nemətindən məqsəd Həzrət Fatimənin(əleyha səlam) mübarək vücududur.

Bismillahir rəhmanir rəhim
Kövsər surəsinin "biz sənə kövsər əta etdik" ayəsində gələn "kövsər" sözünün ayədəki mənası nədir və Allah təbarək və təala bununla hansı bir neməti Peyğəmbərə əta etmişdir?
Bu suala cavab tapmaq üçün Kövsər surəsinin nazil olma səbəbinə nəzər salmaq lazımdır. Bu surənin nazil olması barədə belə nəql olunub ki, müşrüklərin başçılarından olan As ibn Vail adlı bir şəxs Peyğəmbər(sallallahu əleyhi və alih) Məscidul-həramdan xaric olarkən onunla qarşılaşır. O, Rəsulullahla(s) söhbət etməyə başlayır. Qüreyşdən olan bir neçə nəfər də kənardan bu danışığı müşahidə edirlər. As ibn Vail Peyğəmbərdən(s) ayrılıb onların yanına gəldikdə ondan soruşurlar: "Kiminlə danışırdın?" O, kinayə ilə "Bu "əbtər" kişiylə!" deyə cavab verir. Ərəblər arasında "əbtər" o şəxsə deyilirdi ki, oğlu olmasın. Qüreyşlilər Rəsulullaha(s) oğlu Abdullahın vəfatından sonra belə deyərdilər. Ona görə də Allah təala Kövsər surəsini nazil edərək ona "kövsər" nemətini əta etməklə bəşarət verdi və onun düşmənlərini "əbtər" adlandırdı.
Kövsər sözünün təfsiri barədə müxtəlif nəzərlər mövcuddur ki, onları sizin nəzərinizə çatdırırıq. Kövsər "kəsrət"(کثرة) sözündən götürülüb çoxlu xeyir və bərəkət mənasındadır. Bəzən səxavətli insana da kövsər deyilir. Bir rəvayətdə nəql olunmuşdur ki, "Kövsər" surəsi nazil olan zaman Allah rəsulu(sallallahu əleyhi və alih) minbərə çıxaraq bu surəni tilavət etdi. Səhabələr soruşdular: "Ya Rəsulallah, Allahın sənə əta etdiyi bu "kövsər" nədir?" Peyğəmbər(s) belə buyurdu: "Kövsər cənnətdə bir çaydır ki, süddən ağ, büllürdan şəffafdır və iki tərəfində dürr və yaqutdan ibarət qübbələr mövcuddur..." Həmçinin İmam Sadiqdən(əleyhissəlam) də belə nəql olunmuşdur: "Kövsər cənnətdə bir çaydır ki, Allah təala onu övladı Abdullahın əvəzində Peyğəmbərə(s) əta etmişdir." Bəziləri bunun Peyğəmbərə məxsus olan "kövsər hovuzu" olduğunu bildirirlər ki, mömün şəxslər cənnətə daxil olan zaman onun suyundan içə biləcəklər. Bəziləri isə onu "nübuvvət" olaraq təfsir etmişlər. Bəzi təfsirçilər kövsər sözünü Quran, digərləri isə səhabələrin çoxluğu kimi bəyan etmişlər. Digər bir təfsirdə "kövsər" sözü Peyğəmbərin(s) Həzrət Fatimədən(əleyha səlam) olan bərəkətli nəsli kimi təfsir edilmişdir.
Təbii ki, bu nəzərlər heç də bir biriylə müxalif deyildir. Bunların hamısı kövsər sözünün müxtəlif mənaları kimi anlaşıla birlər. Hər halda sadlanan bütün bu ilahi nemətlər Allah təbarək və təalanın Rəsulullaha(sallallahu əleyhi və alih) olan bol lütfünün nişanəsidir.
Lakin diqqət etmək lazımdır ki, Allah təala bu surəni Peyğəmbərə (sallallahu əleyhi və alih) nazil edən zaman bu ilahi bərəkət sayılan "kövsər"in əsəri hələ meydana gəlməmişdir. Bu surə gələcəkdə Rəsulullaha(s) nəsib olacaq nemətdən möcüzəvi şəkildə xəbər vermişdir. Bununla belə  Allah təala Ona(s) nəsib olacaq bu böyük nemətin qarşılığında şükür etməyi əmr edərək buyurur: "Namaz qıl və qurban kəs!"
Fatimə(əleyha səlam) "kövsər" nemətinin ən bariz nümunəsi
Qeyd etdiyimiz kimi "kövsər" geniş mənaya malik olub bol nemətə və xeyir- bərəkətə dəlalət edir. Lakin Əhli beyt(ə) məzhəbi alimlərinin nəzərinə görə bu ayənin ən bariz nümunəsi Həzrət Fatimənin(əleyha səlam) mübarək vücududur. Çünkü kövsər surəsinin nazil olma səbəbinə əsasən bu surə Peyğəmbərin(s) oğlu olmamasına görə ona tənə vurulduğu zaman nazil olmuşdur. Quran isə tənə vuranları "əbtər" adlandıraraq Peyğəmbərə(s) "kövsər" əta edildiyini xəbər vermişdir.
Buradan əldə etmək olar ki, bu bol nemətdən məqsəd Həzrət Fatimədir(əleyha səlam). Çünkü Peyğəmbərin(sallallahu əleyhi və alih) bərəkətli nəsli əziz qızı Fatimə(əleyha səlam) vasitəsilə davam etmiş və dünyanın hər yerinə yayılmışlar. Belə ki, bu nəslin ən bərəkətli nümunələri İmamlardır(əleyhimussəlam) ki, onların vasitəsilə Allahın dini qorunmuş və ilahi feyzin yer əhlinə nazil olmasına səbəb olmuşlar. Eləcə də bu nəslin digər övladları da İmamların müqəddəs amalını qoruyaraq, dünyanın müxtəlif guşələrinə köç edərək Peyğəmbər(s) sünnəsini və Əhli beyt(ə) məktəbini təbliğ etmiş və onun geniş yayılmasına xidmət etmişlər. Onların arasında bir çox alimlər, fəqihlər, mühəddislər və müfəssirlər mövcuddur ki, islamın qorunması yolunda öz elmi və əməlləri ilə böyük fədakarlıqlar göstərmiş və xalis islamın bizə gəlib çatmasına səbəb olmuşlar.
İstifadə olunmuş mənbələr:
"Məcməul-bəyan" təfsiri, c1.
"Nümunə" təfsiri, c27.

 

 

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.